E- Journal №2 Archaeological Heritage Qobustan Milli tarix-bədii qoruğunun yeni muzey kompleksində innovativ yanaşma Məlahət Fərəcova,
Bu gün arxeoloji abidələrin qədim, eyni zamanda əsas və mühüm növlərindən olan qayaüstü təsvirlərin — petroqliflərin əhəmiyyəti məlum həqiqətdir. Fərəhli haldır ki, Qafqaz ərazisində qədim qayaüstü təsvirlərin iri ocaqları ilk dəfə Azərbaycanda aşkar olunmuşdur. Onları ilk dəfə olaraq görkəmli Azərbaycan arxeoloqu İ.M.Cəfərzadə 1939-cu ildə kəşf etmiş və araşdırmışdır. Aşkar edilən qayaüstü təsvirlərin mühafizəsini təmin etmək məqsədilə Böyükdaş, Kiçikdaş, Cingirdağ əraziləri Azərbaycan SSR Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il tarixli 503 nömrəli qərarı ilə Qobustan Dövlət tarixi-bədii qoruğu elan olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyun 2007-ci il tarixli sərəncamı ilə bu ərazilər Milli Qoruq elan olunmuş və həmin ilin iyun ayında Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı kimi YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilmişdir. Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftına aşağıdakı mədəni dəyərlər daxildir: Qayaüstü incəsənət: 6000-dən artıq petroqliflər; Sığınacaqlar, qədim yaşayış yerləri, kurqanlar və qədim dəfn yerləri; Pirlər və müqəddəs yerlər; Qayalar və daş divarlarında qayaüstü rəsmlər olan, ibtidai insanların yaşayış yeri olan sığınacaqlar. Texnoloji inkişafın sürətləndiyi bir dövrdə, muzeylərin maraq obyekti olaraq qalması üçün bu inkişafla uzlaşması vacibdir. Elektrikin kəşfindən kompyuterin ixtirasınadək 100 ildən çox vaxt keçsə də, kompyuterin ixtirasını internetin kəşfindən cəmi bir neçə il ayırır. Bu qanunauyğunluq tək texnoloji tərəqqidə yox cəmiyyətin bütün fəaliyyət sferalarında – elmdə, mədəniyyətdə, ictimai münasibətlərdə və s. müşahidə olunur. Muzeylərin inkişafını bu qanunauyğunluğa tabe etmək üçün daim innovativ metodlardan, texnoloji yeniliklərdən istifadə etmək tələb olunur. Məlumdur ki, müasir dövrdə muzeylərin fəaliyyətində informatika, idarəetmə, marketinq, fandrayzinq və s. bu kimi yeni texnologiyalar mühüm rol oynayır. Açıq səma altında fəaliyyət göstərən arxeoloji, etnoqrafiq, memarlıq, təbii-landşaft komplekslərinin və muzeylərin əsasında mədəniyyət, elm, maarifçilik və turizm mərkəzlərinin yaradılması bu sahədə daha çox perspektivli görünür. Bu cür obyektlərin yaradılmasının zəngin təcrübəsi Amerikanın (Smithsonian muzeylər şəbəkəsi), Avropanın (Gargas mağarası, Nestploriya digital mərkəzi, Ariege), Cənubi Afrikanın (Drankensberg parkı) muzey və qoruqlarında toplanmışdır. Son illər ərzində Asiyada yeni muzey modelləri meydana gəlmişdir. Buna misal olaraq Çinin (Çin Dəniz muzeyi, Dianqzxu Arxeoloji muzeyi, Şanxay muzeylər şəbəkəsi) və Cənubi Koreyanın muzeylər komplekslərini göstərmək olar. Bu növ muzey-arxeoloji komplekslər artıq Azərbaycanda da yaradılmağa başlanmışdır.Belə mərkəzlər əsasən geniş ehtiyatlara və imkanlara malik olan mədəni-tarixi obyektlərin yeni fəaliyyət modelinin nümunəsidir. Onların əsasında Azərbaycanın bir çox bölgələri üçün prinsipcə yeni olan mədəni turizm mühiti yaradıla bilər. Hazırda külli miqdarda tamamilə qeyri-ənənəvi turizm sahələri (etnoqrafik, arxeoloji) meydana gəlir. Bu mənada Qobustan müxtəlif yenilikləri qəbul etməyə qadir olan hərtərəfli mədəni və tarixi-arxeoloji obyektdir. Bir neçə il əvvəl Qobustan qoruğunun mədəni sərvətlərinin rəqəmsal məlumat bazası yaradılmağa başlanmışdır. Bu layihə nəticəsində qoruqda yerləşən abidələrin rəqəmsal xəritəsi hazırlanacaq və bu xəritə vasitəsilə abidələr haqqında istənilən məlumatı əldə etmək mümkün olacaq. Qeyd edildiyi kimi, Qobustan dünya qayaüstü incəsənətinin zəngin irsinin bir hissəsi olaraq 2007-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamına və mövcud olan fəaliyyət planına müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qoruqda 12 zalı və qoruq əməkdaşları üçün xidməti kompleksi olan muzey binası inşa edilmişdir. Layihə Latviyanın “DD studio LTD” dizayn şirkəti tərəfindən hazırlanmışdır. Layihəyə əsasən otaqlar müasir tələblərə və dünya standartlarına uyğun olaraq ən qabaqcıl texnologiyalarla təchiz olunmuşdur. “Təbii mühit” , “Qobustan arxeologiyası” , “Xronoloji dövrün cədvəli” , “İbtidai dövr” , “İbtidai incəsənət”, “Əsrlərin petroqlifləri” və digər zallarda ən qədim dövrlərdən orta əsrlərədək qədim insanların həyat tərzi, təsərrüfatı, məşğuliyyəti, o dövrün landşaftı, iqlimi, ətraf mühitin dəyişkənliyi, flora və faunası əks olunmuşdur. Sensor ekranla təchiz olunmuş zallarda qonaqların özlərini real landşafta maksimal uyğunlaşdırılan texnogen illüstrasiyalı mühitdə hiss etmək, Xəzər dənizinin minilliklər ərzində necə dəyişdiyini, Qobustan petroqliflərinin xronologiyasının icmalını seyr etmək imkanı var. Zallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş əmək alətləri, silahlar, bəzək əşyaları və digər eksponatlar mədəni təbəqə prinsipi ilə nümayiş olunur. Bundan əlavə qonaqlar böyüdücü linzalardan istifadə etməklə bəzi daş alət və silahları daha aydın görə bilər, 3D formatında daş əşyanın içərisindən keçə bilər, “əsl” petroqlifə toxuna bilər, “daş dövrünün musiqisini” ifa edə bilər, interaktiv oyunlarda iştirak edə bilərlər. Muzeyin “Qədim dövrün rəssamları” zalında ziyarətçilərə interaktiv tabloda öz “petroqliflərini” çəkmək və bu “petroqlifi” öz internet ünvanlarına göndərmək imkanı yaradılmışdır. Kinozalda isə Qobustan haqqında filmin nümayişini seyr etmək olar. Qobustan muzeyində innovasiyaların tətbiqi tək texnoloji yeniliklərlə kifayətlənmir. Muzey və qoruqların daxili təminatı haqqında məlumatın necə təqdim olunması çox mühüm əhəmiyyət kəsb edir. Qobustan Milli Tarix-Bədii Qoruğu müasir tələblərə uyğun olaraq ziyarətçilərin səfərlərinin maraqlı keçməsi üçün müxtəlif innovativ metodlardan istifadə edir və yeni layihələr hazırlayır. Bu istiqamətdə turist və ziyarətçilər üçün teatrlaşdırılmış səhnələr və oyunlar təşkil edilir. Buraya eyni zamanda müxtəlif dövrlərin tarixi-mədəni və coğrafi şəraitinin yenidən bərpa edilməsi daxildir. Tamaşaçılar isə interaktiv prosesin bilavasitə iştrakçısı olmaq imkanı əldə edirlər. Kiçik yaşlı məktəblilər üçün “Şaman oyunu” təşkil olunur. Bu oyun vasitəsilə uşaqlar daş dövrünün həyat tərzi ilə tanış olur, Qobustanda qayalarda həkk olunmuş rəsmlərin – şaman, ovçu, ox və kaman, heyvanların daş dövrü insanlarının həyatında hansı önəmi daşıdığını kəşf edirlər. Biz bu oyunu ilk dəfə təşkil edəndə cəmi bir neçə nəfər müraciət etmişdi lakin tədricən uşaqların kiçik “dostluq şəbəkələri” vasitəsilə oyun populyarlaşdı və uşaqlar Qobustan qayaüstü rəsmlərinin “kiçik təbliğatçısına” çevrildi. Bundan başqa qeyri-hökumət təşkilatları da vaxtaşırı, Qobustan qoruğunda uşaqlar üçün əyləncəli, daş dövrünün həyat tərzi haqqında uşaqlarda təsəvvür yaradan oyunlar təşkil edirlər. Nisbətən böyük yaşlı məktəblilər üçün isə qoruqda dərnəklər təşkil olunur. Bu dərnəklərdə uşaqlarla qayaüstü rəsmlər, arxeologiya haqqında söhbətlər aparılır, müxtəlif əyləncəli oyunlar təşkil olunur. Uşaqlara qayalarda həkk olunmuş rəsmlərin mənası izah olunur və onlara daş dövrü həyat tərzi haqqında məlumatlar verilir. Məktəblilər arasında keçirilən rəsm sərgisi onların qayaüstü rəsmlər haqqında düşünməsinə və bu rəsmlər haqqında öz “nəzəriyyələrini” yaratmasına kömək edir. Bu sərgi uşaqlara öz istedadlarını nümayiş etdirmək imkanı verməklə yanaşı, onları Qobustan qayaüstü rəsmləri haqqında kiçik “araşdırmalar” aparmağa vadar etmişdir. Həmçinin vaxtaşırı məktəblərdə və universitetlərdə keçirilən təqdimatlar vasitəsilə dinləyicilərə Qobustan abidələri haqqında, qoruğun iş prosesi və yeniliklər haqqında məlumatlar verilir. Onlara təklif və layihələrini təqdim etmək üçün şərait yaradılır. Sosial şəbəkələrin müasir dövrdə insanların həyatında əvəzedilməz rolu var. İctimaiyyətin tarixi abidələrin təbliğindəki rolundan danışarkən, sosial şəbəkələrin rolunu mütləq qeyd etmək lazımdır. Bu şəbəkələr vasitəsilə bir-birindən min km-lərlə uzaqda olan insanlar fikir və informasiya mübadiləsi həyata keçirə bilir. Sosial şəbəkələr vasitəsilə məlumatları daha sürətlə və effektiv şəkildə, daha böyük auditoriyaya yaymaq mümkündür. Qobustan Milli Tarix Bədii qoruğunun facebook səhifəsində arzu edənlər qayaüstü incəsənət, arxeologiya haqqında müxtəlif mövzuları müzakirə edə, multimedia materialları yerləşdirə bilərlər. Qoruğun əməkdaşının yaratdığı http://rockart-g.blogspot.com/ bloq-səhifəsini 5 aydan az bir müddətdə 52 ölkədən 3300-dən çox istifadəçi ziyarət etmişdir. Qobustan qoruğu özəl şirkətlərlə əməkdaşlıq vasitəsilə də informasiya mübadiləsində iştirak edir. Qobustan qoruğuna gələn turistlərə “Xəzri” restoranının bukletləri vasitəsilə bu restoranda nahar etmək təklif olunur. Buna görə bu restoranın kollektivi Qobustan qoruğuna ziyarətçilərin gəlməsində maraqlıdır. Qobustan qoruğunun ətraf ərazilərində çox sayda daş karxanaları fəaliyyət göstərir. Bu karxanalarda işləyən yük maşını sürücülərinin çox hissəsi Qobustan qəsəbəsi sakinləridir. Yaxın gələcəkdə özəl şirkətlərdən biri böyük Qobustan ərazisində dünya şöhrətli ralli sürücüsü, Paris-Dakar rallisinin yeddiqat qalibi Vladimir Çaqinin “Kamaz” yük maşını ilə şousunu təqdim etməyi planlaşdırır. Həmçinin daş dövrünün musiqi aləti Qavaldaşın da reklam kampaniyasında istifadə olunması planlaşdırılır. Bu tədbir yük maşını sürücülərinin və ralli idmanı həvəskarlarının diqqətinin Qobustan qayaüstü rəsmlərinə yönəlməsinə və onların qorunmasının vacibliyini xatırlamalarına səbəb olacaq. Qobustan qoruğu ətraf ərazilərdə yaşayan yerli əhali ilə mütəmadi olaraq əlaqələr qurur. Qobustan qayaüstü rəsmləri Qobustan qəsəbəsinin sakinlərinin qürur mənbəyidir. Qədim zamanlardan ətraf ərazilərdə yaşayan insanlar Qobustandakı qayaüstü rəsmlərin çəkildiyi dağları müqəddəs hesab edirdi. Qoruq ərazisində yerli sakinlərin müqəddəs hesab etdiyi ziyarətgahlar indi də mövcuddur ( “Sofi Həmid”, “Sofi Novruz”, “Qaraatlı” və s.). Bu ziyarətgahlar günümüzdə də yerli sakinlər tərəfindən ziyarət olunur və pirləri ziyarətə gələn insanlar qayaüstü rəsmlərin də şahidi olurlar. Bu pirlərdə vaxtaşırı dini-mistik səciyyə daşıyan, etnoqrafik “Dərviş” oyunu təşkil olunur. Qobustan qəsəbəsi sakinləri toy mərasimləri zamanı Böyükdaş dağını ziyarət edir. Qoruq rəhbərliyi bu ənənənin qorunub saxlanmasında maraqlıdır. Bu cür adət-ənənələr qəsəbə sakinlərinə bu ərazinin onların dini, mənəvi, mədəni həyatındakı rolunu xatırladır və onlarda qoruğun mədəni sərvətlərinin qorunmasına maraq oyadır. Vaxtaşırı qəsəbə sakinləri arasında müxtəlif sorğular keçirilir və onlara qoruqda görmək istədiyi yeniliklər barədə təklif vermək imkanı yaradılır. Gələcəkdə böyük yaşlı məktəblilər və tələbələrin gecə fotoçəkilişlərində, qayaüstü rəsmlərin estamplarının çıxarılması prosesində iştirakı nəzərdə tutulmuşdur. Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin həvəskarların iştirakı ilə səhnələşdirilməsi də planlaşdırılır. Bundan başqa Ələt qəsəbəsində bu yaxınlarda açılacaq milli sənətkarlıq sahələrinin tədrisi üzrə ixtisaslaşması nəzərdə tutulan peşə məktəbi ilə sıx əməkdaşlıq qurulacaq. Qobustan qoruğu ABŞ Dövlət Departamentinin qrantı əsasında keçirilən “Museum connect – 2012” layihəsinə iştirakçı seçilmişdir. Layihəyə əsasən 2012-ci ilin 21-27 oktyabr tarixləri ərzində ABŞ-ın Pueblo Hindu icmasından seçilmiş 6 nəfər və Qobustan Milli Tarix Bədii qoruğu tərəfindən Qobustandan və Bakı şəhərinin digər bölgələrindən seçilmiş 6 nəfər iştirakçı Qobustan qoruğunun abidələri ilə yaxından tanış olmuş, qoruğun işçiləri ilə birgə iş prosesində iştirak etmişlər. Layihənin davamı olaraq Azərbaycandan seçilmiş 6 nəfər iştirakçı 2013-cü ilin mart ayında ABŞ-ın New Mexico ştatına səfər edəcək. Bütün bu innovativ tədbirlər nəticəsində son bir neçə ildə ziyarətçilərin Qobustan qoruğuna olan marağı artan dinamika üzrə inkişaf edir. 2007-ci ildə Qobustan qoruğu UNESCO-nun mədəni irs siyahısına daxil edildikdən sonra ziyarətçilərin sayı ötən ilə nisbətən 50 %, 2012-ci ildə yeni muzey binası istifadəyə verildikdən sonrakı 9 ay ərzində isə 2 dəfə çox olmuşdur. ![]() Qobustan Milli Tarix-Bədii Qoruğu. Yer xəritəsi ![]() Qobustan Milli Tarix-Bədii Qoruğu ![]() Qobustan Milli Tarix-Bədii Qoruğu ![]() Qobustan Milli Tarix-Bədii Qoruğu ![]() New museum exhibition. Gobustan Rock Art Cultural Landscape ![]() Yeni muzeyin sərgi ![]() Yeni muzeyin sərgi ![]() Yeni muzeyin sərgi ![]() Conference room of Gobustan ne museum center |
![]() European Union EU is not responsible for the content of this website | |||||||||||
| ||||||||||||
|